Rusiya Zaporojyeni vurdu: 13 ölü, onlarla yaralı var

Rusiyanın Zaporojyeyə hava zərbəsi.

Rusiya yanvarın 8-də Ukraynanın cənubundakı Zaporojye şəhərinə hava zərbəsi endirib. Azı, 13 nəfər ölüb, onlarla yaralı var.

Vilayət administrasiyasının başçısı İvan Fyodorov deyib ki, hava zərbəsi günorta saatlarında şəhərin sənaye rayonuna endirilib.

Bombanın qəlpələri tramvay və sərnişin mikroavtobusuna tuş gəlib. Yaxınlıqdakı avtomobillərə də ziyan dəyib.

"Daha qəddar heç nə yoxdur"

Yayılan videogörüntülərdə səkidə qana bulanmış cəsədləri, inzibati bina və avtomobilləri söndürməyə çalışan yanğınsöndürənləri görmək olar.

"Sadə mülki vətəndaşların əziyyət çəkəcəyini bilə-bilə, şəhərə hava zərbəsi endirməkdən daha qəddar heç nə yoxdur", - ölkə prezidenti Volodimir Zelenski "Telegram" sosial şəbəkəsindəki paylaşımında deyib.

Zərbənin hansı silahla gerçəkləşdirildiyi aydın deyil, ancaq dağıntıların miqyası daha güclü silahdan istifadə olunduğuna əsas verir.

Öncədən xəbərdarlıq siqnallarını işə salan rəsmilər şəhərə raket və ya "sürüşən" bombanın atıldığını bildiriblər. Rusiya yönəldilən "sürüşən" bombalardan Ukraynanın müdafiə qabiliyyətinə dağıdıcı təsir göstərmək üçün yararlanır.

"Ölü və yaralıların sayı durmadan artır. Polis, xilasedicilər, həkimlər və xüsusi xidmət əməkdaşları düşmən hücumunun fəsadlarını aradan qaldırmağa çalışırlar", - Ukrayna DİN-in başçısı İqor Klimenkonun sözləridir.

Rusiya havadan zərbə barədə hələ heç bir şərh verməyib

Savaşın başlandığı 2022-ci ilin fevralından bəri hava hücumları nəticəsində Ukraynanın enerji və mülki infrastrukturuna dəfələrlə zərbələr endirilib. Rəsmi Kiyev Rusiyanı yaşayış binalarını hədəf almaqda suçlayır. Dəlillər artsa da, rəsmi Moskva bu ittihamları rədd edir.

Ukrayna daha öncə Saratov vilayətinin cənubundakı strateji hava hərbi bazasını təchiz edən neft anbarını raket zərbəsiylə vurduğunu bildirmişdi.

Yanvarın 8-də gerçəkləşən hava zərbəsi "işğalçıların strateji aviasiyasına ciddi logistik problemlər yaradır və onların Ukraynanın dinc şəhərlərinə və mülki hədəflərinə zərbə endirmək qabiliyyətini önəmli dərəcədə azaldır", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sosial şəbəkəsindəki paylaşımında belə yazıb.