ABŞ-də prezident seçilmiş Donald Trampın NATO üzvlərinə ÜDM-in 5 faizini müdafiə xərclərinə ayırmaq təklifi şübhə doğurur. NATO-ya üzv ölkələrin müdafiə nazirləri Ukrayna üzrə Kontakt Qrupunun Almaniyada yanvarın 9-da keçirilən görüşündə bu qənaətə gəliblər.
Nazirlərin fikrincə, alyansın müdafiə vəzifələrini necə yerinə yetirməsi üzv ölkələrin NATO-ya üzvlük haqqından daha önəmli məsələdir.
"İndiki məqamda rəqəm və faiz nisbətləri köməyimizə gəlməyəcək. Güclü iqtisadiyyatda ÜDM-in 2 faizinin verdiyi töhfə zəif iqtisadiyyatın 3.5 faizindən çox ola bilər", - Almaniya müdafiə naziri Boris Pistorius belə deyib.
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya ÜDM-inin 5 faizi federal büdcənin 40 faizi qədərdir.
"Hansı ölkənin buna imkanı çatdığını bilmirəm. Bu üzdən, söhbət faiz nisbətlərindən yox, NATO-nun qarşısında qoyulan məqsədlərin necə yerinə yetirilib-yetirilməməsindən gedir", - yenə Pistoriusun sözləridir.
"Niyə biz milyardlarla dollar çox ödəməliyik?"
Tramp yanvarın 7-də NATO-ya üzv ölkələri ÜDM-lərinin 5 faizini müdafiə xərclərinə ayırmağa çağırıb. O qeyd edib ki, avropalı müttəfiqlər ABŞ-nin müdafiəsinə yetəcək qədər pul xərcləmirlər: "Onların hamısının buna imkanı çata bilər. Bu, (ÜDM-red.) 2 yox, 5 faiz olmalıdır. …Avropa birgə faydalandığımız məsələyə çox cüzi pul xərcləyir. …Aramızda okean adlı bir şey var. Düzdür? Niyə biz milyardlarla dollar daha çox ödəyirik?".
ABŞ-nin müdafiə xərcləri ÜDM-inin 3.38 faizi qədərdir. Ölkə iqtisadiyyatının həcmi nəzərə alınsa, bu, NATO-nun toplam xərclərinin 60 faizindən çoxu deməkdir.
Estoniya müdafiə naziri Hanno Pevkur AzadlıqRadiosuna bildirib ki, ABŞ xərclərini 5 faizədək artırmağa hazır olduğunu göstərməlidir. Onun fikrincə, beləcə, xərclərin məbləği 1.5 trilyon dollaradək arta bilər.
"2 faiz yetərli deyil"
Latviya alyansın müdafiə xərclərinə ÜDM-inin 3 faizdən çoxunu xərcləyən tək-tük ölkələrdən biridir.
"Bu il töhfəmiz 3.4 faizdirsə, gələn il bu göstərici 3.7 faiz olacaq. Bugünlərdə siyasi rəhbərliyimiz bunu 4 faizədək artırmağa hazır olduğunu bildirib", - Latviya müdafiə naziri Andris Spruds AzadlıqRadiosuna belə deyib.
O əlavə edib ki, ölkələrin müdafiə xərclərinə ayırdığı vəsait onların dünyanın üzləşdiyi təhdidləri anlamasına işarədir.
"Soyuq savaş dövründə …. orta hesabla, bu göstərici 4 faizədək idi. Bu üzdən, əvvəldə müzakirə etdiyimiz kimi, 2 faiz yetərli deyil", - Sprudsun sözləridir.
Müdafiə xərclərinə ödənilən yeni faiz həddinin təsdiqi üçün NATO-ya üzv olan 32 ölkənin hamısı razılıq verməlidir. Ötən ilin iyulundan bəri alyansın 23 ölkəsi ÜDM-inin 2 faizini müdafiə xərclərinə ayırmağı bacarıb. Avropada buna nail olan böyük ölkələr arasında Almaniya, Hollandiya, Norveç və Türkiyənin adlarını çəkmək olar.