Casusluqda suçlanan İsveçrə vətəndaşı İranda ölü tapılıb

İran həbsxanası

Rəsmi Tehranın casusluqda suçladığı İsveçrə vətəndaşı həbsxanada ölü tapılıb. İran rəsmilərin fikrincə, ölümə səbəb intihar olub.

İran ədliyyəsinin "Mizan" xəbər agentliyinin bilgisinə görə, güvənlik orqanları İsveçrə vətəndaşını casusluğa görə həbs etdiyindən bu işin istintaqı aparılırdı. Onun yanvarın 9-da Semnan həbsxanasında intihar etdiyi bildirilir.

İsveçrə XİN AzadlıqRadiosunun "Fərda" xidmətinə göndərdiyi elektron məktubunda bildirib ki, məsələylə bağlı məlumatlıdır və indi detalları aydınlaşdırır.

"İsveçrə Xarici İşlər Nazirliyi (FDFA) İranda İsveçrə vətəndaşının öldüyünü təsdiqləyir. İsveçrənin Tehrandakı səfirliyi İran həbsxanasında ölüm ortamına aydınlıq gətirmək üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır", - nazirliyin rəsmi nümayəndəsi Pyer-Alen Elçinqer belə deyib.

FDFA-nın nümayəndəsi mərhumun qohumlarına konsul dəstəyi göstəriləcəyini bildirib.

Semnan vilayətinin baş hakimi Məhəmməd Sadeq Əkbərinin sözlərinə dayanan "Mizan" bildirib ki, isveçrəli başqa bir şəxslə eyni kamerada cəzasını çəkib və tək olarkən intihar edib.

Mərhumun adını açıqlamayan Əkbəri digər detalları söyləməsə də, onun məhz intihar nəticəsində öldüyünü deyib.

İsveçrəliyə qarşı irəli sürülən ittihamların təfərrüatı açıqlanmır.

Xatırlatma

İranda 3 il öncə də bir isveçrəli diplomat müəmmalı ortamda vəfat etmişdi. İran mediası onun Tehran yaxınlığında çoxmərtəbəli binadan yıxılması nəticəsində öldüyünü bildirmişdi. İsveçrə rəsmiləri mərhumun kimliyini və hadisənin detallarını açıqlamamışdı.

Dekabr ayında İsveçrə Baş Prokurorluğu diplomatın ölümü ilə bağlı işin bağlandığını və istintaqın üçüncü tərəfin "cinayətkar" müdaxiləsini sübuta yetirmədiyini bildirmişdi. Məlumata görə, İranda meyitin ilkin yarılmasından sonra zərərçəkənin daxili orqanlarının olmaması üzə çıxmış və bu fakt istintaqın gedişini çətinləşdirmişdi.

1979-cu ildəki İslam İnqilabından sonra Vaşinqton və Tehran arasında diplomatik əlaqələr kəsilib. O vaxtdan bəri İsveçrə ABŞ-nin İrandakı diplomatik təmsilçisidir.