Ermənistan hökuməti Aİ-yə üzvlüyə dair qanun layihəsini təsdiqləyib

Aİ və Ermənistan bayraqları

Ermənistan hökuməti Avropa İttifaqına üzvlük prosesini başlatmaq üçün qanun layihəsini təsdiqləyib. AzadlıqRadiosunun erməni xidməti bu barədə qərarın Nazirlər Kabinetinin iclasında qəbul edildiyini bildirib.

Sənəddə ayrıca vurğulanır ki, "Ermənistan Aİ-yə üzvlük prosesinin başladığını elan edir".

Ölkənin xarici işlər naziri Ararat Mirzoyan qanun layihəsinin Milli Assambleyaya vətəndaş təşəbbüsü kimi təqdim edildiyini və indi hökumətin bəlli qaydada öz mövqeyini səsləndirəcəyini deyib: "Avropa İttifaqı Ermənistanda demokratiyaya siyasi dəstəyini dəfələrlə ifadə edib, Ermənistanın təhlükəsizliyinin təmin olunmasında faktik iştirakını bildirib".

Onun sözlərinə görə, "Ermənistan Aİ-nin mümkün saydığı dərəcədə ona yaxın olmağa hazırdır".

Ölkənin baş naziri Nikol Paşinyan iclasda bildirib ki, Ermənistanın Aİ-yə daxil olması barədə qərar yalnız ümumxalq səsverməsi yolu ilə verilə bilər. Onun sözlərinə görə, o vaxtadək Ermənistan və Aİ "yol xəritəsi" hazırlamalıdır.

2023-cü ilin oktyabrında N.Paşinyan Avropa Parlamentində ölkənin Aİ-yə daxilolma imkanını fəal şəkildə müzakirəyə çıxardığını dilə gətirib. Bu bəyanatdan bir neçə ay sonra Avropa Parlamenti Avropa Komissiyası və Avropa Şurasından Yerevanı Brüssellə əməkdaşlığı genişləndirməkdə dəstəkləməyə çağıran ayrıca qətnamə qəbul edib.