Ziyana düşən fermer: 'Böyük şirkətlər çayı çox ucuz alırlar'

İlham Əliyev Lənkəranda "Astaraçay" MMC-nin çay plantasiyalarına baxır. 2017

Azərbaycana çayın idxalı artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabrında çay idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə həcmcə 3. 3 faiz artaraq 12 min 893 ton, dəyər baxımından isə 4.5 faiz yüksələrək 67 milyon 715 min ABŞ dolları təşkil edib.

Çay ixracı isə illik müqayisədə həcm baxımından 4.5 faiz artaraq 679.4 ton, dəyəri isə 1.6 faiz yüksələrək 5 milyon 998ş4 min ABŞ dolları olub. Beləliklə, həcm ifadəsində idxal ixracı 19 dəfə üstələyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2024-cü ilin yanvar-noyabrında 11 min 528 ton çay istehsal edilib. Bu da illik müqayisədə 8.9 faiz artım deməkdir. Amma mütəxəssislərin fikrincə, bunun hamısı ölkə daxilində yetişdirilən çay deyil, burada idxalın da payı var, sadəcə bəzi hallarda qablaşdırma həyata keçirilib.

Hədəfdən səkkiz dəfə az

Hələ 2018-ci ildə Azərbaycanda çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı qəbul edilmişdi. Proqrama əsasən, 2027-ci ilə qədər yaşıl çay yarpağı yığımının 8.5 min tona, əkin sahələrinin isə 3 min hektara çatdırılması planlaşdırılıb.

Hazırda çay yığımının həcminin qoyulan hədəfdən səkkiz dəfə az olduğu bildirilir.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin "Kənd Təsərrüfatı" Bülletenində vurğulanır ki, 2024-cü ilin 10 ayında plantasiyalardan 1 min 41 ton çay yığılıb. 2023-cü ildə bu rəqəm 1 min 102.4 ton olub. Yəni, çay yığımı 100 ton azalıb.

Astarada çay plantasiyası

"Çay əkmək çox baha başa gəlir"

Astara rayonundakı fermer Səlim Həsənov (ad şərtidir) AzadlıqRadiosuna deyir ki, 2023-cü ildə 3 hektar torpaqda çay əkib: "Çay əkmək çox baha başa gəlir. Çay susevən məhsuldur. Su isə çox bahadır, özü də çatışmır. Təsərrüfatda suvarma sistemini özün qurmalısan, kömək edən yoxdur".

Fermerin sözlərinə görə, subsidiya üçün də müraciət edə bilmədiyindən əkdiyi çay kolları yanıb: "Çayı pay torpağında əkmişəm. Torpağa dövlət reyestrindən çıxarış olmadığına görə mənə subsidiya vermədilər. Ciddi ziyana düşmüşəm. Çayçılıqla məşğul olan başqa fermerlər də var. Onlar da ziyana düşür, çünki böyük şirkətlər çayı çox ucuz alırlar. Çay yarpağının kiloqramına 1 manat 80 qəpik verirlər".

Nazirlik: "Çayçılığa dövlət dəstəyi genişləndirilir"

Kənd Təsərrüfatı Nazirliyindən isə, əksinə, "Turan"a bildirilib ki, çayçılığa dövlət dəstəyi ildən-ilə genişləndirilir: "Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən bu il mayın 31-dək salınacaq, yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş çay plantasiyalarına görə fermerə hər hektar üçün 12000 manat əkin subsidiyası ödəniləcək. Eyni zamanda, çay plantasiyalarında qurulacaq yağış yağdırma üsuluna əsaslanan suvarma sisteminin dəyərinin 40 faizi də dövlət tərəfindən subsidiyalaşdırılır".

Nazirlikdən vurğulanıb ki, əvvəlki illərdə salınmış çay plantasiyalar üçün də subsidiya ödənilir: "Son üç il ərzində salınmış plantasiyaların hər hektarına görə fermerə 800 manat subsidiya veriləcək. 2019-cu ildən əvvəl salınmış çay plantasiyalarının hər hektarına 250 manat subsidiya verilməsi nəzərdə tutulur".

Vahid Məhərrəmov

"Monopoliya aradan qaldırılmalıdır"

AzadlıqRadiosuna ölkədə çay istehsalının ildən-ilə azaldığını deyən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov qeyd edib ki, bu sahə ilə bağlı dövlət proqramının qəbulundan altı il keçsə də, yaşıl çay istehsalı lazımi səviyyəyə çatmayıb: "Həmin dövlət proqramının icrası nəticəsində 2027-ci ildə çayın əkin sahələrinin 3 min hektara çatdırılması nəzərdə tutulsa da, sənədin qəbulundan altı il keçəndən sonra əkin sahəsi cəmi 1 min hektardır. Çox güman ki, bundan sonra da bu, artmayacaq, çünki bu istiqamətində hər hansı bir iş görülmür. Çayın istehsalı da ildə 1 min tondur. Yəni, proqramın qəbulundan əvvəl istehsal necə olubsa, elə də qalıb".

Onun fikrincə, iki il ərzində istehsalın səkkiz dəfə artacağı inandırıcı deyil: "Müqayisə üçün, 1988-ci ildə Lənkəran-Astara bölgəsində çay plantasiyalarının sahəsi 13.4 min hektar, yaşıl çay yarpağı istehsalı isə 34.5 min ton olub".

V.Məhərrəmov bunun səbəblərini bir neçə amillə izah edir: "Burada ciddi problemlər süni olaraq yaradılıb. Çayçılıqla məşğul olan fermerlər su təminatından şikayət edirlər. Belə olan halda, əlbəttə, istehsaldan söhbət gedə bilməz".

Ekspertin sözlərinə görə, digər tərəfdən, zərərvericilərin, xəstəliklərin yayılması tələb edir ki, keyfiyyətli pestisidlər ya ölkədə istehsal olunsun, ya da xaricdən gətirilsin: "Burada monopoliya aradan qaldırılmalıdır ki, nəticədə bu keyfiyyətli pestisid fermerlərə əlçatan olsun. Hələlik isə tam tərsinədir. Üstəlik də, gübrələr də keyfiyyətsizdir, qiyməti yüksəkdir. Nəticədə məhsuldarlıq artmır".

O, sözügedən sahədə peşəkar mütəxəssislərin çatışmazlığına da diqqət çəkir.