Prezident İlham Əliyev yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.
AZƏRTAC-ın məlumatına görə, İ.Əliyev deyib ki, Bakı regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan "3+3" formatının təşəbbüskarı da məhz Azərbaycan olub: "Regiondankənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha vurğulanıb".
"3+3" formatı dedikdə İran, Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan və Gürcüstanın əlaqələrindən bəhs edilir. Amma Gürcüstan həmin formatda görüşlərə qatılmır.
Habelə bildirildiyinə görə, görüşdə "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin, bu baxımdan Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının vacibliyinə toxunulub.
"Söhbət zamanı dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olundu", - məlumatın sonunda bildirilir.
Bu görüş prezident İ.Əliyevin yerli televiziyalara müsahibəsində İranla bağlı bəzi tənqidi fikirlər səsləndirməsindən bir gün sonraya təsadüf edib. Amma görüşlə bağlı məlumatda prezidentin müsahibədə narahatlıqlarını bildirdiyi məsələlərdən bəhs edilmir.
Prezident İranla bağlı: '...Üzr istəyəcəklər, yoxsa yox?'
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin bu yaxınlarda Azərbaycanla bağlı açıqlamasına münasibət bildirib: "Burada sual ondadır ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir? Axı o, özbaşına gəlib orada oturmur".
Prezident suallarına davam edib: "...Üzr istəyəcəklər, yoxsa yox?".
Prezidentin deməsinə görə, İranın xarici işlər nazirinin açıqlaması kifayət deyil, həmin şəxs ən azı vəzifəsindən kənarlaşdırılmalıdır və Azərbaycandan üzr istəməlidir.
Prezident Əliyevin bu fikirlərinə, hələlik, İranın rəsmi qurumlarının münasibəti bəlli deyil.
1 yanvar
Azərbaycan İrana etiraz bildirib
Yanvarın 1-də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilir ki, dekabrın 29-da Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin iştirak etdiyi tədbirdə Azərbaycana və onun dövlət başçısına qarşı səsləndirilən "təhqiramiz" ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.
"Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb. İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib", - məlumatda vurğulanıb.
+++
İran xarici işlər nazirinin köməkçisi və nazirliyin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili bu ölkənin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılmasına münasibət bildirib.
Onun sözlərinə görə, İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin Azərbaycana qarşı dedikləri İran hökumətinin mövqeyini əks etdirmir.
"İranın əsas siyasəti qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə dostluq əlaqələrini genişləndirməkdir", - Dəmirçili IRNA agentliyinə bildirib.
Xatırlatma
İran-Azərbaycan münasibətlərində əvvəllər də müəyyən narazılıq olmuşdu. Bundan əvvəlki illər hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurmuşdu. Hətta 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, ikisinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi.
Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla (ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar "İran casusu" kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər. Amma xüsusilə son bir ildə hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa dair fikirlər səsləndirirlər. Ötən ilin iyulunda Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa edilib.