ABŞ müdafiə naziri Lloyd Ostin Bayden administrasiyasının Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib. O, ABŞ-nin başçılığı ilə 50 ölkənin daxil olduğu Ukrayna üzrə Kontakt Qrupunun görüşündə bunu açıqlayıb.
"Budəfəki paketə Ukraynanın havadan müdafiə sistemlərindən ötrü raketlər, daha çox sursat, o sıradan "yer-hava" tipli sursat və Ukraynanın F-16 təyyarələri üçün avadanlıq daxildir", - Ostinin sözləridir.
Görüşə qatılan Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, ABŞ-nin yeni administrasiyasının dəstəyi səngisə, Ukraynaya yardımın ağırlığını Avropa öz üzərinə götürməlidir: "Aydındır ki, Avropa və dünya üçün yeni mərhələ başlayır. Biz 11 gündən sonra daha çox əməkdaşlıq etməli, bir-birimizə daha çox bel bağlamalıyıq. Birlikdə daha böyük uğurlar qazana bilərik. Bunu imkanlara fürsət kimi dəyərləndirirəm".
Ukrayna müdafiə naziri Rustem Umerov görüşə qatılanlardan, ən azı, 2027-ci ilin sonunadək strateji məqsədlər üçün yol xəritələrinin və hərbi dəstək üçün qaçılmaz ehtiyacların təsdiqini gözlədiyini söyləyib.
"Ukrayna və tərəfdarların birgə tərtib etdiyi bu sənədlər havadan müdafiəyə, artilleriyaya, zirehli texnikaya, dronlara, hava qüvvələrinə, dəniz güvənliyinə və digər önəmli sahələrə dəstək və yardım ayırmaqdan ötrü təməl sayılacaq. İrəlidə bizi xeyli iş gözləyir", - o, Ostinlə görüşündən sonra belə deyib.
İştirakçılar 9 yanvar görüşünün Kontakt Qrupu çərçivəsində sonuncu toplantı ola biləcəyini bildiriblər. ABŞ-də prezidenti seçilmiş Donald Tramp dönəmində Qrupun gələcək taleyi aydın deyil.
Ostin hərbi yardımın davam etdirilməsinin önəmini vurğulayıb. Almaniya müdafiə naziri Boris Pistorius Qərbin Ukraynaya dəstəyini zəiflətməməsinin önəminə diqqət çəkib.