Rusiya Kiyevi Moskvanın nəzarətində olan Şərqi Ukraynanın Donetsk şəhərində supermarketə raket zərbəsi endirməkdə ittiham edib.
Rusiyanın RİA xəbər agentliyi bildirib ki, Rusiyanın istintaq orqanları yanvarın 10-da səhər saatlarında edilən hücumu araşdırıblar. Araşdırmanın nəticəsində məlum olub ki, Ukrayna qüvvələrinin atdığı HIMARS raketi supermarketə düşərək iki nəfərin ölümünə səbəb olub.
Ukrayna rəsmiləri Rusiyanın ittihamına şərh verməyiblər.
Ukrayna Hərbi Hava Qüvvələri isə bildirib ki, Rusiya 72 "Şahed" tipli kamikadze dronlarla Poltava, Sumı, Xarkov, Çerkassı, Çerniqov, Kiyev, Dnepropetrovsk, Zaporojye, Xmelnitski, Vinnitsa və Xerson vilayətlərinə zərbələr endirib. Ukrayna hərbçiləri bildirib ki, bu hücumlarda hündürmərtəbəli yaşayış binasına ziyan dəysə də, ölüm faktı qeydə alınmayıb.
Qeyd edək ki, cəbhə xəttində intensiv hücumlar və döyüşlər davam etdikcə, müharibəni dayandırmaq üçün diplomatik səylər də sürətlənir.
Ukrayna Xarici İşlər Nazirliyi yanvarın 10-da bildirib ki, yeni seçilmiş prezident Donald Tramp vəzifəyə başladıqdan sonra Kiyevin Ağ evlə yüksəksəviyyəli danışıqlar aparacağı gözlənilir. "Prezidentlərin görüşünü gözləyirik, çünki bizim üçün əsas məsələ Amerika ilə birgə işləməkdir... Biz andiçmə mərasimindən dərhal sonra ən yüksək səviyyələrdə təmaslara hazırlaşırıq", - Ukrayna XİN-in mətbuat katibi Qeorqi Tixiy bildirib.
Tramp Ukrayna ilə bağlı Putinlə görüş vəd edir
D.Tramp isə yanvarın 9-da Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqo malikanəsində respublikaçı qubernatorlarla görüş zamanı Rusiya prezidenti Vladimir Putinin onunla görüşmək istədiyini və bu görüşün təşkili ilə bağlı işlədiklərini deyib.
"Prezident Putin də görüşmək istəyir, bunu hətta ictimaiyyət qarşısında da bildirib. Biz bu müharibəni dayandırmalıyıq, bu, qanlı bir xaosdur", - Tramp bildirib.
Trampın ardınca Kreml V.Putinin görüşə hazır olduğunu bildirib. "France24" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib: "Prezident dəfələrlə beynəlxalq liderlərlə, o cümlədən ABŞ prezidenti Donald Trampla kommunikasiyaya açıq olduğunu bildirib".
Kremlin sözçüsü Trampın problemləri dialoq yolu ilə həll etməyə hazır olmasını alqışladığını, Moskvanın Tramp və Putin arasında görüşün baş tutması üçün heç bir ilkin şərti olmadığını əlavə edib.
Yanvarın 20-də inauqurasiya mərasimi keçiriləcək D.Tramp Rusiya və Ukrayna arasında təxminən üç ildir davam edən müharibəyə tez bir zamanda son qoya biləcəyini dəfələrlə bildirib. Lakin o, bununla bağlı hələ ki konkret plan təqdim etməyib.
Trampın münaqişənin tez bir zamanda sona çatacağına dair ümidləri Ukraynanın Moskva üçün əlverişli şərtlərlə sülh sazişini imzalamağa məcbur edilə biləcəyi ilə bağlı narahatlığı artırıb.