Rusiya qüvvələri son həftələrdə Ukraynanın şərqində irəlilədikcə onlara döyüş meydanında yeni bir vasitə - fiber-optik kabellərdən yararlanan uçan pilotsuz uçuş aparatları (PUA) kömək edir.
Standart FPV-dronlardan fərqli olaraq, fiber-optik kabellərdən istifadə dronların radiosiqnallarsız işləməsinə imkan verir. Bu da onları elektron siqnallara müdaxilə probleminə qarşı dayanıqlı edir. Fiber-optik kabellər 15 kilometrədək uzunluqda olan və "balıqçı ipi"nə bənzəyən nazik rulonlar vasitəsilə dronları birbaşa öz operatorlarına bağlayır.
Modifikasiya edilmiş bu dronlar Rusiyanın Ukraynada döyüş taktikasının dəyişdiyini göstərir.
Ukraynalı hərbçilər bu fiber-optik dronların döyüş meydanında yeni çətinliklər yaratdığını etiraf edirlər.
"Uçan kərpiclər"
AzadlıqRadiosunun Ukrayna xidməti ilə söhbətində 148-ci artilleriya briqadasının "Varan" ləqəbli zabiti bu dronların təhlükəli olduğuna diqqət çəkərək onları "uçan kərpic"lərə bənzədib.
Ukrayna Milli Qvardiyasının "Bureviy" Briqadası batalyonunun komandiri isə deyib ki, Rusiya qüvvələrinin yararlandığı bu yeni dronlara qarşı elektron müdaxilənin səmərəsizliyi onlara Ukrayna xətlərinə daha da irəliləməyə və ənənəvi FPV-dronlara nisbətən daha dəqiqliklə uçmağa və ya hədəflərə çatmağa imkan verir.
"Bu, onlara mövqelərimizi daha yaxşı görməyə, daha dəqiq zərbə endirməyə və daha uzun məsafələrə uçmağa imkan verir. Bu, vəziyyəti bir az da mürəkkəbləşdirir", - hərbçi AzadlıqRadiosuna belə deyib.
Ukraynanın şərqindəki Soledar yaxınlığında yerləşən dron pilotu və taqım komandiri "Şvayka" ləqəbli hərbçinin sözlərinə görə, uzun fiber-optik kabellər dronları aşkarlamağı çətinləşdirir. O bildirib ki, standart FPV-dronları yönəldən antenalar uzaqdan asanlıqla görünə bilir, ancaq fiber-optik dronlarda bu cür antenaların olmaması onların daha yaxşı gizlənməsinə şərait yaradır.
Ukraynalı hərbçilər əlavə ediblər ki, bu dronlar standart FPV-dronlara nisbətən siqnal itkisini daha az yaşayır və hədəfləri daha asan təqib edə bilir.
Sözügedən PUA-lar ukraynalı hərbçiləri əlavə ehtiyat tədbirləri görməyə və potensial hədəfləri və personalı daha yaxşı kamuflyaj etməyə məcbur qoyur.
Fiber-optik dronların üstünlükləri ilə yanaşı, çatışmazlıqlarının da olduğunu vurğulayan ukraynalı hərbçilər bildiriblər ki, bu uçuş aparatları açıq olmayan ərazi və məkanlarda əlverişli deyil, eyni zamanda, belə PUA-lar kabelin məsafəsinə görə qət edə biləcəkləri məsafə və vura biləcəkləri yerlərlə məhdudlaşır.
Ukraynalı hərbçilər AzadlıqRadiosuna bildiriblər ki, Rusiya qüvvələri yaydan bəri bu dronlardan istifadəyə başlasa da, son zamanlar bu silah növündən yararlanmaq Moskvanın Ukraynanın şərqində daha çox ərazi əldə etməsi üçün döyüş strategiyasının əsas hissəsinə çevrilib.
"Böyük problem"
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov da dekabr ayında Ukrayna mediasındakı çıxışında yeni dronları Ukrayna üçün "böyük problem" adlandırıb.
Savaş Araşdırmaları İnstitutu (ISW) isə yanvarın 8-də yaydığı məlumatda bildirib ki, Rusiya indiki əməliyyatlarda belə dronlardan fəal şəkildə yararlanır.
Rusiya fiber-optik dron istehsalını artırdığı bir zamanda Ukrayna da öz versiyası üzərində işləyir və bu ayın əvvəlində Ukrayna Müdafiə Nazirliyi ilkin modelini nümayiş etdirilib.
Ukraynanın Üçüncü Əlahiddə Hücum Briqadasında FPV-dronlar bölməsinin komandiri AzadlıqRadiosuna bildirib ki, bu dronlar hələ sınaq mərhələsindədir. "Hamımız bu parlaq reklamları, vədləri görürük, amma əmələ gəlincə, bu istiqamətdə hələ yenicə gəlişirik", - ukraynalı hərbçinin sözləridir.