Keçid linkləri

2025, 10 Yanvar, Cümə, Bakı vaxtı 20:51

Xəbərlər

Qəzzədə son durum: ölü sayı artır, on minlərlə insan köçkün düşüb

  • İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Qəzzada 120-dən çox mülki vətəndaşı girov saxladığını təsdiqləyib.

  • Qəzzanın daxili işlər nazirliyinin məlumatına görə, İsrailin hava hücumları Qəzzanın şimalını təxliyə edən 70 nəfəri öldürüb, 200 nəfəri yaralayıb.
  • BMT bildirir ki, Qəzzada 423 min insan didərgin düşüb.
  • Rusiya BMT Təhlükəsizlik Şurasında humanitar atəşkəsə çağıran qətnamə təqdim edib.




Qəzzənin şimalında yaşayan əhali İsrailin gözlənilən quru hücumundan əvvəl qaçır. İsrail rəsmiləri bugün axşam dördə qədər əhalinin təxliyyəsi üçün Qəzzənin cənub istiqamətində iki təhlükəsiz yol açdıqlarını bildirir.

İsrail ordusu iki Həmas komandirini öldürdüyünü açıqlayıb

Bu barədə İsrail ordusunun rəsmiləri məlumat yayıb.

İsrail rəsmilərinin sözlərinə görə öldürülən komandirlər Merad Abu Merad və Ali Qadidir.

Qeyd edək ki, oktyabrın 7-də Həmas qruplaşmasının İsrailə hücumunun ardından İsrail ordusu Qəzzə bölgəsini bombalamağa davam edir. Yaxın zamanda İsrail ordusunun quru əməliyyatlarına başlayacağı gözlənilir. Bugünə qədər Qəzzədə ölənlərin sayı iki min nəfəri keçib.

BMT on minlərlə fələstinlinin köçkün düşdüyünü açıqlayıb

Reuters BMT rəsmilərinə istinadən yazır ki, İsrailin cümə günü Qəzzənin şimal bölgəsinin təxliyyə edilməsini tələb etməsinin ardından on minlərlə fələstinli evlərini tərk etmək məcburiyyətində qalıb.

Buna qədər oktyabrın 7-dən sonra 400 minə yaxın fələstinli yaşadığı yerdən köçkün düşdüyü bildirilir.

"Qəzzə sakinlərinə su, qida və yanacaq çatdırılması üçün təxirəsalınmaz şəkildə humanitar girişin açılmasına ehtiyacımız var" - bu sözləri BMT baş katibi Antonio Queterreş deyib.

Bütün xəbərləri izləyin

Tofiq Yaqublunun məhkəməsi önündə plakat qaldıran fəal saxlanılıb

Cəmil Hacıyev
Cəmil Hacıyev

Milli Şuranın üzvü Cəmil Hacıyev üzərində “Siyasi məhbuslara azadlıq!” yazılmış plakat qaldırarkən polislər onu saxlayıb. Bu, yanvarın 10-da saat 17.00 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında baş verib. Həmin vaxt bu məhkəmədə Milli Şuranın və Müsavat partiyasının üzvü Tofiq Yaqublunun işinə baxılırdı.

C.Hacıyev plakatı qaldıran kimi məhkəmə binasının qarşısında olan polislər onu tutub apararaq maşına mindirib. Onun hara aparıldığı məlum deyil.

T.Yaqublunun məhkəməsində də qalmaqal yaşanıb. Məhkəmə prosesinə sədrlik edən hakim Elnur Nuriyev siyasətçinin kürəkəni, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin məhkəmə zalından çıxarılmasına göstəriş verib.

Hakim həmçinin T.Yaqublunun özünü də məhkəməni onun özünün iştirakı olmadan keçirməklə hədələyib.

Siyasətçi isə bildirib ki, onsuz da onları hakim saymır. Bu səbəbdən də məhkəmədə ortaya qoyduğu faktları, üzə çıxardığı ziddiyyətləri prosesə gələn adamlara, cəmiyyətə çatdırmaq istəyir: “Onsuz da sizə nə sifariş verilsə, onu eləyəcəksiniz. Sizə həqiqət lazım deyil”.

T.Yaqublunun məhkəməsi yanvarın 17-də davam edəcək.

Xatırlatma

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də saxlanılıb. Ona qarşı dələduzluq, saxta sənəddən istifadə kimi ittihamlar irəli sürülüb. Siyasi fəala ittiham verilən maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

T.Yaqublu bundan öncə də bir neçə dəfə həbsdə olub. O, 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkili, 2020-ci ildə xuliqanlıq və başqa ittihamlarla həbsdə olub. Siyasi fəal bütün ittihamları rədd edir, şəxsən prezident İlham Əliyevin sifarişiylə cəzalandırıldığını bildirir.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Ancaq beynəlxalq insan haqları qurumları, ABŞ rəsmiləri son aylar hökumətə çağırışları artırıb, haqsız tutulanları azad etməyə çağırıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu evakuasiya edilib

Kaliforniyada meşə yanğınları
Kaliforniyada meşə yanğınları

Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilib.

Bu barədə "Turan"a Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, buna baxmayaraq, baş konsulluğun fəaliyyəti distant qayada davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır.

+++

Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 10-a yüksəlib.

CNN bu barədə Los-Anceles məhkəmə-tibbi ekspertiza departamentinin rəsmisinə istinadən məlumat yayıb.

Departamentin rəsmisinin sözlərinə görə, yanvarın 9-u axşam saatlarına qədər yanğınlarda 10 nəfərin ölməsi barədə məlumat daxil olub.

Yanvarın 7-dən ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları davam edir. Güclü külək və rütubətin aşağı olması vəziyyəti daha da ağırlaşdırıb. Bu, ştatın tarixində ən dağıdıcı yanğınlardan biri hesab olunur.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamenti yanğınsöndürənlərin alovun üçdə birindən çoxunu nəzarətə götürdüyünü bildirib. Departamentdən bildirilib ki, hava şəraiti yaxşılaşdıqca, yanğının qarşısının alınması prosesi sürətlənəcək.

Yanğın nəticəsində indiyədək minlərlə ev və müəssisə məhv olub, 180 minə yaxın sakin təxliyə edilib. Yanğın genişlənərsə, daha 200 min sakinin təxliyə edilməsi gözlənilir.

ABŞ prezident Co Bayden fövqəladə vəziyyətin nəticələri ilə mübarizə və təbii fəlakət qurbanlarına yardımı sürətləndirmək üçün Kaliforniya ştatında fəlakət rejimi elan edib.

Ukrayna Aİ-dən G7 kreditinin 3 milyard avroluq ilk tranşını alıb

Ukrayna Nazirlər Kabinetinin binası
Ukrayna Nazirlər Kabinetinin binası

Rəsmi Kiyev G7 ölkələri qrupu tərəfindən Ukrayna üçün razılaşdırlmış Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (ERA) kreditindən Avropa İttifaqının payını alıb.

Bu barədə Ukrayna baş naziri Denis Şmıqal "Telegram" hesabında bildirib.

Baş nazirin sözlərinə görə, 3 milyard avroluq bu kredit Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlir hesabına qaytarılacaq: "Bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə qaytarılacaq Aİ kreditinin ilk tranşıdır".

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Kaya Kallas də bununla bağlı "X" hesabında paylaşım edib. O bildirib ki, bu müharibəni başladan Rusiyadır və ona görə də bunun əvəzini ödəməlidir.

"Bu gün Ukrayna G7 kreditimizdən 3 milyard avro alır və bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə ödəniləcək. Bu, Ukrayna iqtisadiyyatını dəstəkləyəcək və bununla da Ukraynanın öz vəsaitləri müdafiəyə xərclənəcək", - Kallas qeyd edib.

Casusluqda suçlanan İsveçrə vətəndaşı İranda ölü tapılıb

İran həbsxanası
İran həbsxanası

Rəsmi Tehranın casusluqda suçladığı İsveçrə vətəndaşı həbsxanada ölü tapılıb. İran rəsmilərin fikrincə, ölümə səbəb intihar olub.

İran ədliyyəsinin "Mizan" xəbər agentliyinin bilgisinə görə, güvənlik orqanları İsveçrə vətəndaşını casusluğa görə həbs etdiyindən bu işin istintaqı aparılırdı. Onun yanvarın 9-da Semnan həbsxanasında intihar etdiyi bildirilir.

İsveçrə XİN AzadlıqRadiosunun "Fərda" xidmətinə göndərdiyi elektron məktubunda bildirib ki, məsələylə bağlı məlumatlıdır və indi detalları aydınlaşdırır.

"İsveçrə Xarici İşlər Nazirliyi (FDFA) İranda İsveçrə vətəndaşının öldüyünü təsdiqləyir. İsveçrənin Tehrandakı səfirliyi İran həbsxanasında ölüm ortamına aydınlıq gətirmək üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır", - nazirliyin rəsmi nümayəndəsi Pyer-Alen Elçinqer belə deyib.

FDFA-nın nümayəndəsi mərhumun qohumlarına konsul dəstəyi göstəriləcəyini bildirib.

Semnan vilayətinin baş hakimi Məhəmməd Sadeq Əkbərinin sözlərinə dayanan "Mizan" bildirib ki, isveçrəli başqa bir şəxslə eyni kamerada cəzasını çəkib və tək olarkən intihar edib.

Mərhumun adını açıqlamayan Əkbəri digər detalları söyləməsə də, onun məhz intihar nəticəsində öldüyünü deyib.

İsveçrəliyə qarşı irəli sürülən ittihamların təfərrüatı açıqlanmır.

Xatırlatma

İranda 3 il öncə də bir isveçrəli diplomat müəmmalı ortamda vəfat etmişdi. İran mediası onun Tehran yaxınlığında çoxmərtəbəli binadan yıxılması nəticəsində öldüyünü bildirmişdi. İsveçrə rəsmiləri mərhumun kimliyini və hadisənin detallarını açıqlamamışdı.

Dekabr ayında İsveçrə Baş Prokurorluğu diplomatın ölümü ilə bağlı işin bağlandığını və istintaqın üçüncü tərəfin "cinayətkar" müdaxiləsini sübuta yetirmədiyini bildirmişdi. Məlumata görə, İranda meyitin ilkin yarılmasından sonra zərərçəkənin daxili orqanlarının olmaması üzə çıxmış və bu fakt istintaqın gedişini çətinləşdirmişdi.

1979-cu ildəki İslam İnqilabından sonra Vaşinqton və Tehran arasında diplomatik əlaqələr kəsilib. O vaxtdan bəri İsveçrə ABŞ-nin İrandakı diplomatik təmsilçisidir.

Samir Şərifov maliyyə naziri vəzifəsindən çıxarıldı

Samir Şərifov
Samir Şərifov

Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib.

Bununla bağlı yanvarın 10-da prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə S.Şərifov baş nazirin müavini təyin edilib.

S.Şərifov 2006-cı ildən bu postu tuturdu. O, 2001–2006-cı illərdə Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru olub.

1961-ci ildə doğulan S.Şərifov daha əvvəl də Milli Bank və Xarici İşlər Nazirliyində çalışıb. O, Kiyev Dövlət Universitetini bitirib.

NATO üzvləri Trampın 'ÜDM-in 5 faizini müdafiə xərclərinə ayırmaq' təklifini müzakirə ediblər

Donald Tramp
Donald Tramp

ABŞ-də prezident seçilmiş Donald Trampın NATO üzvlərinə ÜDM-in 5 faizini müdafiə xərclərinə ayırmaq təklifi şübhə doğurur. NATO-ya üzv ölkələrin müdafiə nazirləri Ukrayna üzrə Kontakt Qrupunun Almaniyada yanvarın 9-da keçirilən görüşündə bu qənaətə gəliblər.

Nazirlərin fikrincə, alyansın müdafiə vəzifələrini necə yerinə yetirməsi üzv ölkələrin NATO-ya üzvlük haqqından daha önəmli məsələdir.

"İndiki məqamda rəqəm və faiz nisbətləri köməyimizə gəlməyəcək. Güclü iqtisadiyyatda ÜDM-in 2 faizinin verdiyi töhfə zəif iqtisadiyyatın 3.5 faizindən çox ola bilər", - Almaniya müdafiə naziri Boris Pistorius belə deyib.

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya ÜDM-inin 5 faizi federal büdcənin 40 faizi qədərdir.

"Hansı ölkənin buna imkanı çatdığını bilmirəm. Bu üzdən, söhbət faiz nisbətlərindən yox, NATO-nun qarşısında qoyulan məqsədlərin necə yerinə yetirilib-yetirilməməsindən gedir", - yenə Pistoriusun sözləridir.

"Niyə biz milyardlarla dollar çox ödəməliyik?"

Tramp yanvarın 7-də NATO-ya üzv ölkələri ÜDM-lərinin 5 faizini müdafiə xərclərinə ayırmağa çağırıb. O qeyd edib ki, avropalı müttəfiqlər ABŞ-nin müdafiəsinə yetəcək qədər pul xərcləmirlər: "Onların hamısının buna imkanı çata bilər. Bu, (ÜDM-red.) 2 yox, 5 faiz olmalıdır. …Avropa birgə faydalandığımız məsələyə çox cüzi pul xərcləyir. …Aramızda okean adlı bir şey var. Düzdür? Niyə biz milyardlarla dollar daha çox ödəyirik?".

ABŞ-nin müdafiə xərcləri ÜDM-inin 3.38 faizi qədərdir. Ölkə iqtisadiyyatının həcmi nəzərə alınsa, bu, NATO-nun toplam xərclərinin 60 faizindən çoxu deməkdir.

Estoniya müdafiə naziri Hanno Pevkur AzadlıqRadiosuna bildirib ki, ABŞ xərclərini 5 faizədək artırmağa hazır olduğunu göstərməlidir. Onun fikrincə, beləcə, xərclərin məbləği 1.5 trilyon dollaradək arta bilər.

"2 faiz yetərli deyil"

Latviya alyansın müdafiə xərclərinə ÜDM-inin 3 faizdən çoxunu xərcləyən tək-tük ölkələrdən biridir.

"Bu il töhfəmiz 3.4 faizdirsə, gələn il bu göstərici 3.7 faiz olacaq. Bugünlərdə siyasi rəhbərliyimiz bunu 4 faizədək artırmağa hazır olduğunu bildirib", - Latviya müdafiə naziri Andris Spruds AzadlıqRadiosuna belə deyib.

O əlavə edib ki, ölkələrin müdafiə xərclərinə ayırdığı vəsait onların dünyanın üzləşdiyi təhdidləri anlamasına işarədir.

"Soyuq savaş dövründə …. orta hesabla, bu göstərici 4 faizədək idi. Bu üzdən, əvvəldə müzakirə etdiyimiz kimi, 2 faiz yetərli deyil", - Sprudsun sözləridir.

Müdafiə xərclərinə ödənilən yeni faiz həddinin təsdiqi üçün NATO-ya üzv olan 32 ölkənin hamısı razılıq verməlidir. Ötən ilin iyulundan bəri alyansın 23 ölkəsi ÜDM-inin 2 faizini müdafiə xərclərinə ayırmağı bacarıb. Avropada buna nail olan böyük ölkələr arasında Almaniya, Hollandiya, Norveç və Türkiyənin adlarını çəkmək olar.

'Amnesty International' COP29-dan sonra həbs olunmuş jurnalistləri azad etməyə çağırır

MeydanTV
MeydanTV

"Amnesty International" dekabrın əvvəlində həbs edilmiş yeddi jurnalist və media işçisinin azadlığa buraxılması tələbi ilə beynəlxalq kampaniya başladıb. Qurum insanları Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərərək həbs olunan jurnalistlərin dərhal sərbəst buraxılmasını tələb etməyə çağırır.

"Amnesty International" xatırladır ki, 2024-cü ildə Bakı COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etdikdən dərhal sonra - dekabrın 6-da "MeydanTV" əməkdaşları Xəyalə Ağayeva, Aytac Əhmədova, Aynur Qənbərova, Natiq Cavadlı, Aysel Umudova, Ramin Cəbrayılzadə və Bakı Jurnalistika Məktəbinin müdir müavini Ülvi Tahirov həbs olunub. İnsan haqları təşkilatı vurğulayır ki, bu şəxslər "valyuta qaçaqmalçılığı" ittihamı ilə saxlanılsalar da, bu ittihamlar onların jurnalist fəaliyyəti ilə bağlıdır və ölkədə digər tənqidi səslərə qarşı irəli sürülmüş ittihamlar kimi əsassız və siyasi motivlidir.

Beynəlxalq kampaniya martadək davam edəcək.

Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Ancaq digər beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırır

Ramşteyn aviabazasında Ukrayna üzrə Kontakt Qrupunun iclası
Ramşteyn aviabazasında Ukrayna üzrə Kontakt Qrupunun iclası

ABŞ müdafiə naziri Lloyd Ostin Bayden administrasiyasının Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib. O, ABŞ-nin başçılığı ilə 50 ölkənin daxil olduğu Ukrayna üzrə Kontakt Qrupunun görüşündə bunu açıqlayıb.

"Budəfəki paketə Ukraynanın havadan müdafiə sistemlərindən ötrü raketlər, daha çox sursat, o sıradan "yer-hava" tipli sursat və Ukraynanın F-16 təyyarələri üçün avadanlıq daxildir", - Ostinin sözləridir.

Görüşə qatılan Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, ABŞ-nin yeni administrasiyasının dəstəyi səngisə, Ukraynaya yardımın ağırlığını Avropa öz üzərinə götürməlidir: "Aydındır ki, Avropa və dünya üçün yeni mərhələ başlayır. Biz 11 gündən sonra daha çox əməkdaşlıq etməli, bir-birimizə daha çox bel bağlamalıyıq. Birlikdə daha böyük uğurlar qazana bilərik. Bunu imkanlara fürsət kimi dəyərləndirirəm".

Ukrayna müdafiə naziri Rustem Umerov görüşə qatılanlardan, ən azı, 2027-ci ilin sonunadək strateji məqsədlər üçün yol xəritələrinin və hərbi dəstək üçün qaçılmaz ehtiyacların təsdiqini gözlədiyini söyləyib.

"Ukrayna və tərəfdarların birgə tərtib etdiyi bu sənədlər havadan müdafiəyə, artilleriyaya, zirehli texnikaya, dronlara, hava qüvvələrinə, dəniz güvənliyinə və digər önəmli sahələrə dəstək və yardım ayırmaqdan ötrü təməl sayılacaq. İrəlidə bizi xeyli iş gözləyir", - o, Ostinlə görüşündən sonra belə deyib.

İştirakçılar 9 yanvar görüşünün Kontakt Qrupu çərçivəsində sonuncu toplantı ola biləcəyini bildiriblər. ABŞ-də prezidenti seçilmiş Donald Tramp dönəmində Qrupun gələcək taleyi aydın deyil.

Ostin hərbi yardımın davam etdirilməsinin önəmini vurğulayıb. Almaniya müdafiə naziri Boris Pistorius Qərbin Ukraynaya dəstəyini zəiflətməməsinin önəminə diqqət çəkib.

Ermənistan hökuməti Aİ-yə üzvlüyə dair qanun layihəsini təsdiqləyib

Aİ və Ermənistan bayraqları
Aİ və Ermənistan bayraqları

Ermənistan hökuməti Avropa İttifaqına üzvlük prosesini başlatmaq üçün qanun layihəsini təsdiqləyib. AzadlıqRadiosunun erməni xidməti bu barədə qərarın Nazirlər Kabinetinin iclasında qəbul edildiyini bildirib.

Sənəddə ayrıca vurğulanır ki, "Ermənistan Aİ-yə üzvlük prosesinin başladığını elan edir".

Ölkənin xarici işlər naziri Ararat Mirzoyan qanun layihəsinin Milli Assambleyaya vətəndaş təşəbbüsü kimi təqdim edildiyini və indi hökumətin bəlli qaydada öz mövqeyini səsləndirəcəyini deyib: "Avropa İttifaqı Ermənistanda demokratiyaya siyasi dəstəyini dəfələrlə ifadə edib, Ermənistanın təhlükəsizliyinin təmin olunmasında faktik iştirakını bildirib".

Onun sözlərinə görə, "Ermənistan Aİ-nin mümkün saydığı dərəcədə ona yaxın olmağa hazırdır".

Ölkənin baş naziri Nikol Paşinyan iclasda bildirib ki, Ermənistanın Aİ-yə daxil olması barədə qərar yalnız ümumxalq səsverməsi yolu ilə verilə bilər. Onun sözlərinə görə, o vaxtadək Ermənistan və Aİ "yol xəritəsi" hazırlamalıdır.

2023-cü ilin oktyabrında N.Paşinyan Avropa Parlamentində ölkənin Aİ-yə daxilolma imkanını fəal şəkildə müzakirəyə çıxardığını dilə gətirib. Bu bəyanatdan bir neçə ay sonra Avropa Parlamenti Avropa Komissiyası və Avropa Şurasından Yerevanı Brüssellə əməkdaşlığı genişləndirməkdə dəstəkləməyə çağıran ayrıca qətnamə qəbul edib.

'ToplumTV işi'ndə şikayətlər qəbul edilmədi

ToplumTV-nin qapısı martın 6-da möhürlənib.
ToplumTV-nin qapısı martın 6-da möhürlənib.

Yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində "Toplum" internet televiziyasının işi üzrə Müşfiq CabbarRamil Babayevin həbsinin uzadılması ilə bağlı Xətai rayon Məhkəməsinin qərarlarından verilən apellyasiya şikayətlərinə baxılıb.

Şikayətlər təmin edilməyib.

Vəkillər hesab edir ki, həbs-qətimkan tədbirinin uzadılması üçün heç bir prosessual əsas yoxdur.

Yanvarın 8-də həmin iş üzrə İlkin ƏmrahovAkif Qurbanovun da həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı qərarlarından şikayətlərə baxılmışdı. Bu şikayətlər də təmin olunmayıb.

27 dekabr

'Toplum TV' işi üzrə həbs müddətləri uzadılıb

"Toplum" İnternet Televiziyası (İT) işi üzrə tutulan şəxslərin həbs-qətimkan tədbirinin müddəti 2025-ci il aprelin 6-dək uzadılıb.

Dekabrın 27-də Xətai rayon Məhkəməsində istintaq orqanının III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə "Toplum" İT-nin təsisçi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbarın həbs müddətinin 3 ay uzadılması ilə bağlı vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin edib.

Müdafiə tərəfinin fikrincə, həm vəsatətin, həm də məhkəmə qərarının hüquqi əsası yoxdur.

Proseslər zamanı müdafiə tərəfi jurnalistlərin barəsində seçilmiş həbs-qətimkan tədbirini digər, həbslə bağlı olmayan qətimkan tədbiri ilə əvəzlənməsi barəsində vəsatətlə çıxış etsələr də, həmin vəsatət təmin olunmayıb.

A.Qurbanov, R.Babayev, İ.Əmrahov, Ə.Zeynal və M.Cabbar bu il martın 6-da, R.İzzətli və Ə.Məmmədli isə martın 8-də həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və onlar barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Sonradan bu həbs müddəti iki dəfə uzadılmışdı.

Onlar özlərini təqsirli bilmir və həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Xatırlatma

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Səfərbərlik Xidmətində 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub

Baş Prokurorluq
Baş Prokurorluq

2024-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) 249 əməkdaşı məsuliyyətə cəlb edilib.

Bu barədə SHÇDX-nin yaydığı məlumatda bildirilir.

Vurğulanır ki, 2023-cü ildə 78, ötən il 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 13 əməkdaş mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib: "2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib".

Son illər bu qurumun bir çox şöbələrində məsul şəxslər rüşvət və başqa ittihamlarla məsuliyyətə cəlb ediliblər. Onlar, əsasən, ittihamları qəbul etmirlər.

Bəzi ekspertlər isə düşünür ki, ölkədə korrupsiyaya ilə sistemli mübarizə aparılmasa, hər hansı sahədə kiçik məmurların məsuliyyətə cəlbi vəziyyəti bir elə dəyişməyəcək. Hərçənd, rəsmilər ölkədə korrupsiya ilə ciddi mübarizə aparıldığını deyirlər.

ABŞ qanunvericiləri Gürcüstan hökumətinin tanınmasını yasaqlamaq istəyir

Hakim "Gürcü arzusu"nun lideri Bidzina İvanişvili və dekabrın 29-da Gürcüstanın prezidenti olmuş Mixeil Kavelaşvili.
Hakim "Gürcü arzusu"nun lideri Bidzina İvanişvili və dekabrın 29-da Gürcüstanın prezidenti olmuş Mixeil Kavelaşvili.

ABŞ qanunvericiləri "Gürcü arzusu" hökumətinin tanınmasını yasaqlayan qanun layihəsi təqdim etməyə hazırlaşırlar. Bu addım "Gürcüstanda demokratiyanı Rusiya Federasiyasının xeyrinə zəiflətdiyi üçün" Rusiyayönlü milyarder, hakim partiyanın qurucusu Bidzina İvanişvilinin sanksiyalara məruz qalmasından iki həftə sonra atılıb.

"Fox News" telekanalı yanvarın 8-də bildirib ki, ABŞ parlamentinin hər iki palatasının dəstəklədiyi qanun layihəsi gün ərzində Nümayəndələr Palatasına (Parlamentin aşağı palatasına - red.) təqdim ediləcək.

"Fox News"un eksklüziv bilgisinə görə, qanun layihəsi "İvanişvili rejiminin gürcü xalqına qarşı aramsız cinayətləriylə bağlı Bidzina İvanişvili və ya onun güvəndiyi şəxslərin başçılıq etdiyi istənilən Gürcüstan hökuməti ilə" münasibətlərin normallaşmasını və ya onun tanınmasını yasaqlayır.

"ABŞ-nin heç bir federal məmuru və ya işçisi Bidzina İvanişvili və Gürcüstan hökumətinin tanınması və tanımaq düşüncəsində olması üçün hər hansı tədbir görə və bu məqsədlə hər hansı federal vəsait təqdim edilə bilməz", - qanun layihəsinə dayanan telekanalda belə deyilib.

Sözügedən qanun layihəsinin sponsorlarından biri, Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen Co Uilson yeni seçkilərin keçirilməsinə çağıran 43 amerikalı və avropalı siyasətçinin imza atdığı məktubu dərc edib: "İvanişvilinin "Gürcü Arzusu" müxalifətin və beynəlxalq müşahidəçilərin son seçkilərlə bağlı qanuni narahatlıqlarına məhəl qoymamaq qərarına gəlib, təkpartiyalı qanunvericilik orqanı formalaşdırıb və yekdilliklə yeni prezident seçib. …Onlar yüz minlərlə nümayişçinin gecə etirazlarına zorakılıqla cavab veriblər. Gürcüstan xalqı azad və ədalətli seçkilər tələb edir. Biz onlarla həmrəy olmalıyıq".

Bir vaxtlar ABŞ-nin yaxın müttəfiqi olan Gürcüstan Rusiyaya yaxınlaşması və hökumət əleyhinə etirazları amansızca dağıtmasıyla rəsmi Vaşinqtonla Avropa İttifaqını qəzəbləndirib.

Sanksiyaların ölkə taleyinin həlledici məqamında qəbul edildiyi deyilir. Gürcüstan Rusiyaya daha çox yaxınlaşsa, Aİ ilə inteqrasiya yolunda qarışıqlıq və qeyri-müəyyənlik ab-havasında qala bilər.

Xatırlatma

Ötən ilin dekabrında Aİ-yə namizəd statusu qazansa da, Gürcüstanda "xarici agentlər" və cinsi azlıqlara dair mübahisəli qanunlar qəbul edilib. Brüssel bu qanunları Avropanın dəyər və prinsiplərinə zidd saydığından Gürcüstanın Aİ-yə üzvlük danışıqlarını başlatmaqdan vaz keçib.

Qərb dövlətləri oktyabrda keçirilən parlament seçkilərinin sonuclarına şübhəylə yanaşır. Rəsmi bilgiyə görə, hakim "Gürcü Arzusu" 54 faiz səslə seçkidə qalib gəlib. Ancaq seçkilərin qanun pozuntuları və Rusiyanın müdaxiləsiylə keçirildiyi iddia edilir. Müxalifətin iki ekzit-polu hakim partiyanın 42 faiz səs topladığını göstərib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.

Rusiya Zaporojyeni vurdu: 13 ölü, onlarla yaralı var

Rusiyanın Zaporojyeyə hava zərbəsi.
Rusiyanın Zaporojyeyə hava zərbəsi.

Rusiya yanvarın 8-də Ukraynanın cənubundakı Zaporojye şəhərinə hava zərbəsi endirib. Azı, 13 nəfər ölüb, onlarla yaralı var.

Vilayət administrasiyasının başçısı İvan Fyodorov deyib ki, hava zərbəsi günorta saatlarında şəhərin sənaye rayonuna endirilib.

Bombanın qəlpələri tramvay və sərnişin mikroavtobusuna tuş gəlib. Yaxınlıqdakı avtomobillərə də ziyan dəyib.

"Daha qəddar heç nə yoxdur"

Yayılan videogörüntülərdə səkidə qana bulanmış cəsədləri, inzibati bina və avtomobilləri söndürməyə çalışan yanğınsöndürənləri görmək olar.

"Sadə mülki vətəndaşların əziyyət çəkəcəyini bilə-bilə, şəhərə hava zərbəsi endirməkdən daha qəddar heç nə yoxdur", - ölkə prezidenti Volodimir Zelenski "Telegram" sosial şəbəkəsindəki paylaşımında deyib.

Zərbənin hansı silahla gerçəkləşdirildiyi aydın deyil, ancaq dağıntıların miqyası daha güclü silahdan istifadə olunduğuna əsas verir.

Öncədən xəbərdarlıq siqnallarını işə salan rəsmilər şəhərə raket və ya "sürüşən" bombanın atıldığını bildiriblər. Rusiya yönəldilən "sürüşən" bombalardan Ukraynanın müdafiə qabiliyyətinə dağıdıcı təsir göstərmək üçün yararlanır.

"Ölü və yaralıların sayı durmadan artır. Polis, xilasedicilər, həkimlər və xüsusi xidmət əməkdaşları düşmən hücumunun fəsadlarını aradan qaldırmağa çalışırlar", - Ukrayna DİN-in başçısı İqor Klimenkonun sözləridir.

Rusiya havadan zərbə barədə hələ heç bir şərh verməyib

Savaşın başlandığı 2022-ci ilin fevralından bəri hava hücumları nəticəsində Ukraynanın enerji və mülki infrastrukturuna dəfələrlə zərbələr endirilib. Rəsmi Kiyev Rusiyanı yaşayış binalarını hədəf almaqda suçlayır. Dəlillər artsa da, rəsmi Moskva bu ittihamları rədd edir.

Ukrayna daha öncə Saratov vilayətinin cənubundakı strateji hava hərbi bazasını təchiz edən neft anbarını raket zərbəsiylə vurduğunu bildirmişdi.

Yanvarın 8-də gerçəkləşən hava zərbəsi "işğalçıların strateji aviasiyasına ciddi logistik problemlər yaradır və onların Ukraynanın dinc şəhərlərinə və mülki hədəflərinə zərbə endirmək qabiliyyətini önəmli dərəcədə azaldır", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sosial şəbəkəsindəki paylaşımında belə yazıb.

Əliyev İran Təhlükəsizlik Şurasının katibini qəbul edib

Görüş
Görüş

Prezident İlham Əliyev yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.

AZƏRTAC-ın məlumatına görə, İ.Əliyev deyib ki, Bakı regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan "3+3" formatının təşəbbüskarı da məhz Azərbaycan olub: "Regiondankənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha vurğulanıb".

"3+3" formatı dedikdə İran, Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan və Gürcüstanın əlaqələrindən bəhs edilir. Amma Gürcüstan həmin formatda görüşlərə qatılmır.

Habelə bildirildiyinə görə, görüşdə "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin, bu baxımdan Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının vacibliyinə toxunulub.

"Söhbət zamanı dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olundu", - məlumatın sonunda bildirilir.

Bu görüş prezident İ.Əliyevin yerli televiziyalara müsahibəsində İranla bağlı bəzi tənqidi fikirlər səsləndirməsindən bir gün sonraya təsadüf edib. Amma görüşlə bağlı məlumatda prezidentin müsahibədə narahatlıqlarını bildirdiyi məsələlərdən bəhs edilmir.

İlham Əliyev
İlham Əliyev

Prezident İranla bağlı: '...Üzr istəyəcəklər, yoxsa yox?'

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin bu yaxınlarda Azərbaycanla bağlı açıqlamasına münasibət bildirib: "Burada sual ondadır ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir? Axı o, özbaşına gəlib orada oturmur".

Prezident suallarına davam edib: "...Üzr istəyəcəklər, yoxsa yox?".

Prezidentin deməsinə görə, İranın xarici işlər nazirinin açıqlaması kifayət deyil, həmin şəxs ən azı vəzifəsindən kənarlaşdırılmalıdır və Azərbaycandan üzr istəməlidir.

Prezident Əliyevin bu fikirlərinə, hələlik, İranın rəsmi qurumlarının münasibəti bəlli deyil.

1 yanvar

Azərbaycan İrana etiraz bildirib

Yanvarın 1-də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilir ki, dekabrın 29-da Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin iştirak etdiyi tədbirdə Azərbaycana və onun dövlət başçısına qarşı səsləndirilən "təhqiramiz" ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.

"Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb. İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib", - məlumatda vurğulanıb.

+++

İran xarici işlər nazirinin köməkçisi və nazirliyin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili bu ölkənin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılmasına münasibət bildirib.

Onun sözlərinə görə, İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin Azərbaycana qarşı dedikləri İran hökumətinin mövqeyini əks etdirmir.

"İranın əsas siyasəti qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə dostluq əlaqələrini genişləndirməkdir", - Dəmirçili IRNA agentliyinə bildirib.

Xatırlatma

İran-Azərbaycan münasibətlərində əvvəllər də müəyyən narazılıq olmuşdu. Bundan əvvəlki illər hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurmuşdu. Hətta 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, ikisinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi.

Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla (ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar "İran casusu" kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər. Amma xüsusilə son bir ildə hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa dair fikirlər səsləndirirlər. Ötən ilin iyulunda Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa edilib.

Ötən il İranda edam sayının kəskin artımı BMT-ni qəzəbləndirib

İranda ictimai edam
İranda ictimai edam

İranda 2024-cü ildə 31-i qadın, 901 nəfər edam edilib. Bəzi qadınlar zorlanmaya, yaxud ailədəki başqa zorakılıq halına dirəniş göstərərkən ərlərini qətlə yetirib. BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının yanvarın 7-də dərc edilən hesabatında belə deyilir.

İranda edamlarla bağlı son 9 ilin "rekord" göstəricisi BMT-ni qəzəbləndirib. Ötən ilin son həftəsində 40-dək edam icra edilib.

Edamlara son verməyin vaxtı çatıb

2024-cü ildə İranda 853 şəxsin edam olunduğu deyən Ali komissar Volker Türk bir il boyunca belə artımın ciddi təlaş doğurduğunu bildirib: "İranda daim artan edam dalğasının dayandırılmasının vaxtı çatıb".

Hesabata görə, edamların çoxu narkotiklə bağlı cinayətlərlə əlaqəlidir. Üstəlik, 2022-ci ildə baş verən etiraz aksiyalarına qatılanlar və müxalif düşüncəli şəxslər də edam ediliblər. Həmin ilin sentyabrında guya hicabı düzgün bağlamadığına görə saxlanan 22 yaşlı Məhsa Amini polis tərəfindən saxlanandan sonra vəfat etmişdi. Ardınca ölkədə hakimiyyətə qarşı etirazlar başlanmış və bu etirazlarda qadın və qızlar baş örtüklərini yandırmışdılar. Hakimiyyətin etirazları qəddarca dağıtması nəticəsində yüzlərlə insan həlak olmuş, minlərlə etirazçı həbsə atılmışdı.

Ali komissar Türk öz hesabatında rəsmi Tehranı gələcək edamları dayandırmağa çağırıb: "Bu, yaşamaq hüququ kimi təməl azadlıq haqlarına ziddir və suçsuz insanların edamı yolverilməz risklərə yol açır. Hamıya aydın olmalıdır ki, edam cəzası beynəlxalq insan haqları qanunu ilə qorunan davranışlara heç vaxt tətbiq edilə bilməz".

Suçsuz "suçlular"

Hesabatda İranda edam edilən qadın sayının son 15 ilin ən yüksək göstərici olmasına da diqqət çəkilir: "Bir çox halda söhbət qətl törətməkdə suçlanmaqdan gedir. Qadınların böyük bir bölümü ailə zorakılığı, azyaşlı və məcburi evliliklərin qurbanları olub".

Məsələn, qadınlardan biri qızını zorlamaq istəyən ərini qətlə yetirdiyinə görə edam edilib.

Mühafizəkar İslam dövlətində, özəlliklə qadın və qızlarla bağlı hüquqların pozulmasının uzunmüddətli tarixi var.

İranda prezident seçilən və əksəriyyətin islahatçı kimi tanıdığı Məsud Pezeşkian qadın və azlıqların hüquqlarını daha yaxşı qoruyacağına söz versə də, bir çox insan haqları fəalı və beynəlxalq müşahidəçilər buna şübhə ilə yanaşırlar.

Tramp Ağ evə qayıdınca, sülh danışıqlarını başlada biləcəyini deyir

Donald Tramp
Donald Tramp

ABŞ-də prezident seçilmiş Donal Tramp Rusiya və Ukrayna savaşda "çox sayda" gənci itirdiklərindən sülh danışıqlarını tezliklə başlamaq istəyir. O, Floridadakı mülkündə jurnalistlərə belə deyib.

Tramp yanvarın 20-dəki andiçmə mərasiminədək Rusiya prezidenti Vladimir Putinlə görüşməyi də yersiz sayır: "Sizə bunu deyə bilmərəm, amma bilirəm ki, Putin mənimlə görüşmək istərdi".

Ötən il dekabrın sonunda Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, Putinin Trampla görüşünün baş tutmasını şərtləndirən hallar mövcud deyil.

"Asan məsələ deyil"

Seçkiöncəsi kampaniyasında Ukraynadakı savaşı bir günə bitirə biləcəyini deyən Tramp bu dəfə sülhə altı ay ərzində nail ola biləcəyinə ümid bəslədiyini söyləyib: "Ümidvaram ki, bu, altı aydan daha tez baş verəcək".

Tramp əlavə edib ki, Ukraynadakı savaş "asan məsələ" olmasa da, o, onun öhdəsindən gəlməkdə qətiyyətlidir.

Ukrayna rəsmiləri tezbazar danışıqların Rusiya ordusuna tutduğu əraziləri nəzarətdə saxlamaq və yenidən qüvvə toplamaq imkanı verəcəyindən təlaşlanırlar.

Onlar Trampı Ukraynaya hərbi dəstək göstərməyi davam etdirməyə inandırmaq istəyirlər.

Trampın Rusiya və Ukrayna üzrə xüsusi elçisinin səfəri ləğv edilib və yeni tarix müəyyənləşdiriləcək. Xüsusi elçi Kit Kelloqqa savaşı bitirəcək danışıqlara başçılıq etmək tapşırılıb. O, Trampın Ağ evə qayıdışından sonra tərəflər arasında mümkün danışıqların başlaya biləcəyini deyib. Kelloqq ötən ay "Fox News"a müsahibəsində bildirib ki, sülh məsələsi "yaxın aylarda çözülə bilər".

Ukrayna XİN-in rəhbəri Andrey Sibiqa da islandiyalı həmkarıyla görüşündə Kelloqqun ukraynalı rəsmilərlə planlaşdırılan görüşlərini "olduqca önəmli" saydığını vurğulayıb.

"Zamanı yetişəndə bu görüşün baş tutacağına əminəm", - Kiyevdə jurnalistlərə belə deyən Sibiqa ardınca fikrini belə tamamlayıb: "Görüşün mümkün qədər məzmunlu olmasını təmin etmək və vaxtını müəyyənləşdirmək üçün əlaqə saxlayırıq".

Ramştayndakı görüş

ABŞ Müdafiə naziri Lloyd Ostinin yanvarın 9-da Almaniyaya səfəri zamanı Ramştayn hərbi hava bazasında Ukrayna üzrə Müdafiə Kontakt Qrupu çərçivəsində görüşlər keçirməlidir. Bu qrupa ABŞ-nin başçılığı ilə Ukraynaya dəstək verən 50 ölkə daxildir.

Səfər zamanı Bayden administrasiyasının Ukraynaya son ən böyük hərbi yardım paketi qərarının açıqlanacağı gözlənilir. Bu barədə bilgi verən rəsmilər dəqiq məbləği açıqlamasalar da, belə yardım paketini "qaçılmaz" adlandırıblar.

Bu, Kontakt Qrupu çərçivəsində Ostinin sonuncu görüşü olacaq. Ukraynada savaş başlanandan tərəfdaş ölkələr silahlanma, hərbi hazırlıq və yardım məqsədləri üçün Ukraynaya 126 milyard dollardan çox vəsait ayırıb. Bunun 66 milyard dollarlıq bölümü ABŞ-nin payına düşüb.

Bu həftəsonu elan ediləcəyi gözlənilən yardım paketinin məqsədi Trampın andiçməsinədək Ukraynaya silahların böyük bir bölümünü çatdırmaqdır.

Tramp NATO-ya üzv ölkələri ÜDM-lərinin 5 faizini müdafiə xərclərinə ayırmağa çağırıb. Hazırda bu göstərici 2 faizdir. Tramp müttəfiqlərin müdafiə xərclərinə yetərli vəsait ayırmadıqlarını bir daha vurğulayıb.

update

Azərbaycan gəmiləri Eritreya sularında saxlanılıb

Xəzərdə gəmi
Xəzərdə gəmi

Azərbaycana məxsus gəmilər Afrikada yerləşən Eritreyaya aid sularda saxlanılıb. Həmin gəmilərin hələ ötən ilin noyabrında Bakıdan yola çıxdığı deyilir.

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanova "Turan"a bildirib ki, ötən il noyabrın 7-də "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialından həmin şirkətə məxsus üç gəmini Eritreya dövlətinin səlahiyyətli qurumlarının saxlaması barədə onlara məlumat daxil olub: "Dərhal Agentlik Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verib. Bununla yanaşı, Eritreya dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə Beynəlxalq Dəniz Təşkilatına (BDT), Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib".

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) mətbuat xidmətindən də bildirilib ki, Afrikada saxlanılan gəmilər onlara məxsus deyil.

Məsələ ilə bağlı başqa maraqlı tərəflərin mövqeyini öyrənmək mümkün olmayıb.

Heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşlarıdır

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan bayrağı altında üzən gəmilərin saxlanmasına münasibət bildirib.

Qurum vurğulayıb ki, Azərbaycan dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib: "Keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da... girişin icazəsiz olduğu vurğulanaraq sözügedən gəmilər saxlanılıb. Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşlarıdır".

XİN-in əlavə etməsinə görə, Eritreyanın ərazi sularına girişin beynəlxalq hüquq normalarına ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma qarşı tərəfə müvafiq nota vasitəsilə çatdırılıb: "Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir".

İlham Əliyev: 'Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik'

İlham Əliyev
İlham Əliyev

"Əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik". Bu fikri prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Birləşmiş Ştatların (ABŞ) yeni seçilən prezidenti Donald Trampın öz açıqlamaları ilə çox aydın, açıq mesajlar göndərdiyini vurğulayan Azərbaycan prezidenti daha sonra da əlavə edib: "Onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni, ona görə ümidlər böyükdür. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq".

Xatırlatma

Prezident İ.Əliyev oxşar fikirləri dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də demişdi. Yanvarın 20-dən D.Tramp prezident səlahiyyətlərinin icrasına başlayacaq.

Son illər ABŞ-Azərbaycan münasibətlərində müəyyən narazılıqlar müşahidə edilir. ABŞ rəsmiləri, bir qayda olaraq, Azərbaycanda fundamental azadlıqlar və tənqidçilərin həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmiləri isə belə çağırışları ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.

Maaşlar artırıldı, amma...

İlham Əliyev
İlham Əliyev

Prezident İlham Əliyev bu gün, yanvarın 7-də dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılır. Söhbət Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Aparatı, Gəncə bölməsinin Aparatı, Heydər Əliyev Mərkəzi, bütünlükdə 20 civarında qurumdan gedir.

Bu ildən Azərbaycanda həmçinin minimum əməkhaqqı da artırılıb. Əvvəllər 345 manat olan minimum əməkhaqqı bu ildən 400 manata çatdırılıb.

Amma bu il Tarif Şurası ölkədə qazın, elektrikin və daha bəzi xidmətlərin qiymətini artırıb.

Rüfət Səfərovun anası onun ölkədən çıxışına qadağanın götürüldüyünü deyir

Rüfət Səfərov anası ilə
Rüfət Səfərov anası ilə

Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun anası Tahirə Tahirqızı ölkədən çıxışına məhdudiyyətin götürüldüyünü bildirir. Onun sözlərinə görə, bu gün, yanvarın 7-də o, ağır xəstə olan həyat yoldaşı Eldar Sabiroğlu ilə birlikdə Türkiyəyə yola düşüb.

Onların artıq Türkiyədə olduğu bildirilir.

Məsələ ilə bağlı istintaqı aparan Daxili İşlər Nazirliyi ilə danışmaq mümkün olmayıb.

6 dekabr

Rüfət Səfərovun anası ifadəyə çağrılıb

Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun anası Tahirə Tahirqızı oğluna qarşı qaldırılan cinayət işi üzrə istintaqa çağırıldığını bildirib. Yanvarın 6-da o, şahid qismində ifadə vermək üçün Bakı şəhər Baş Polis İdarəsinə çağrılıb.

T.Tahirqızının sözlərinə görə, o, qanunvericiliyə uyğun olaraq ifadə verməkdən imtina edib və oğlunun şərləndiyini deyib: "Müstəntiqə ölkədən çıxmağıma qadağa qoyulması ilə bağlı sual verdim, amma heç bir cavab ala bilmədim".

Hüquq müdafiəçisinin anası vurğulayıb ki, həyat yoldaşı Parkinson xəstəliyindən əziyyət çəkir və hər yarım ildən bir Türkiyədə müayinədən keçir: "Yanvarın 7-də də müayinəyə getməli idik, amma ölkədən çıxışına qadağa qoyuldu. Amma ümid edirəm ki, oğlumun həbsinin sifarişçiləri humanizm göstərəcəklər və onun atasının xaricə getməsinə imkan verəcəklər".

T.Tahirqızının açıqlamasına istintaqdan münasibət almaq mümkün olmayıb.

Rüfət Səfərovun anasının ölkədən çıxışına 'stop' qoyulduğu deyilir

Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun anası Tahirə Tahirqızının ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilir. Bu barədə Səfərovun ailəsindən məlumat veriblər.

"Tahirə xanımın ölkədən çıxışına Daxili İşlər Nazirliyi qadağa qoyub. Tahirə xanım həyat yoldaşı Eldar Səfərovun Türkiyədə həkim müayinəsindən keçirilməsi üçün İstanbula getməli idi. Amma yanvarın 4-də onun çıxışına məhdudiyyət qoyulduğunu öyrənib. Rüfətin atası Eldar Səfərovun vəziyyəti kəskin şəkildə pisləşməsinə baxmayaraq, onu Türkiyəyə aparmaq, hələlik, mümkün olmayıb", - Səfərovlar ailəsindən deyiblər.

R.Səfərovun özü də saxlandığı təcridxanasından Daxili İşlər Nazirliyinə müraciət edib. O, anasının xəstə atası E.Səfərovla birlikdə ölkədən xaricə çıxmasına icazə verilmədiyini vurğulayaraq "nə etməyə çalışırsınız" deyə sual edib.

Hələlik, bütün bu deyilənlərə Daxili İşlər Nazirliyinin özündən münasibət almaq mümkün olmayıb.

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi R.Səfərov ötən il, dekabrın 3-də axşam saatlarında saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürüldüyü açıqlanıb. Dekabrın 4-də Binəqədi rayon Məhkəməsi R.Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. O, ittihamları qurama sayır.

Xatırlatma

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb. Daha sonra o, hüquq müdafiəsi fəaliyyətinə başlayıb.

Çində son beş ilin ən güclü yeraltı təkanları olub

Tibetdə zəlzələ
Tibetdə zəlzələ

Yanvarın 7-də səhər saatlarında Çinin Tibet Muxtar Rayonunun Tinqri bölgəsində güclü zəlzələ baş verib. Xəbəri "Sinxua" dövlət agentliyi yayıb. Çinli yetkililərin bildirdiyinə görə, hələlik, 95 nəfərin öldüyü və 130 nəfərin yaralandığı barədə bilgi var.

Çin Seysmoloji Şəbəkə Mərkəzinin məlumatına görə, bu, son beş ilin ən şiddətli yeraltı təkanlarıdır.

ABŞ Geoloji Xidməti zəlzələnin 7.1 bal gücündə olduğunu bildirib.

"Reuters" xəbər verir ki, yeraltı təkanlar qonşu Nepal, Butan və Hindistanda da hiss edilib.

Yerli hakimiyyət orqanları mindən çox evə ziyan dəydiyinə diqqət çəkib. Dağıntılar altında qalanların axtarışına 1500-ə yaxın adam qatılıb. Çinin Tinqri əyalətində xilasetmə işləri soyuq hava üzündən çətinləşib. İndi orada 8-dərəcə şaxta var və havanın 18 dərəcə şaxtayadək soyuyacağı bildirilir.

Trampla tezcə görüşmək istəyən Zelenski üçün ABŞ-nin güvənlik zəmanətləri 'mütləqdir'

Donald Tramp Parisdə tarixi Notr-Dam kilsəsinin yenidən açılışı münasibətilə keçirilən mərasimdən əvvəl Vladimir Zelenski ilə əl sıxır.
Donald Tramp Parisdə tarixi Notr-Dam kilsəsinin yenidən açılışı münasibətilə keçirilən mərasimdən əvvəl Vladimir Zelenski ilə əl sıxır.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə savaşı bitirməyə yalnız ABŞ-nin güvənlik zəmanətlərinin anlam daşıdığını söyləyib. O, podkastçı Leks Fridmana müsahibəsində ABŞ-də prezident seçilmiş Donald Trampla yanvarın 20-dəki andiçmədən az sonra görüşməyə ümid bəslədiyini bildirib: "ABŞ-siz güvənlik zəmanətləri mümkün deyil. Rusiya təcavüzünün önünü kəsəcək güvənlik zəmanətlərini nəzərdə tuturam".

Zelenskinin fikrincə, belə zəmanətin olmaması gücünü bərpa edəcək Kremlə yeni təcavüz gerçəkləşdirmək imkanı verəcək.

Ukraynalı lider əmindir ki, Tramp gərəkli güvənlik zəmanətləri nəzərdə tutan ədalətli və davamlı sülh sazişinə nail ola bilər: "Trampla razılığa gələ bilərik. Avropa ilə birgə güclü güvənlik zəmanətləri təklif edə bilər, ardınca da ruslarla danışa bilərik. …Məncə, Trampın buna istəyi də var, bütün imkanları da. Bu, yalnız söz olaraq qalmaz".

Zelenski və Ukrayna vətəndaşları Rusiya prezidentinə təzyiq göstərmək üçün Trampın yetərincə güclü olduğuna güvənirlər.

"Lukaşenkoya dedim ki, siz də qatilsiniz"

Zelenski "Atəşkəs üçün ölkəyə nə gərəkdir" sualını "NATO üzvlüyü çərçivəsində güvənlik zəmanətləri", - deyə cavablayıb.

O bunu da deyib ki, zəmanətlər rəsmi Kiyevin nəzarəti altında olan əraziləri əhatə etməli, Qərb dövlətləri Ukraynanın hərbi təminatını və Rusiya iqtisadiyyatını çökdürən sanksiyaları davam etdirməlidir.

Zelenskinin fikrincə, Putin, "zəif NATO", "savaş meydanında tab gətirə bilməyən Ukrayna", eləcə də "mənimlə Tramp arasında güclü münasibətlərin olmaması" təsəvvürünü yaratmaq istəyir.

O, savaşın ilk günlərində Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışığını da xatırladıb. Belarus lideri ölkəsindən endirilən raket zərbələrinə görə üzr istəyib və bunun Putinin əmriylə gerçəkləşdiyini vurğulayıb.

"Ona dedim, siz də qatilsiniz", - Zelenski belə deyib və davamında söyləyib: "Cavabında dedi anlamalısan ki, ruslara qarşı savaşa bilməzsən".

Ermənistanda sürən siyasi çəkişmələr fonunda bir general həbs edilib

Tiran Xaçatryan
Tiran Xaçatryan

Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin keçmiş müavini İkinci Qarabağ savaşında səhlənkarlıqda suçlanaraq həbs olunub.

AzadlıqRadiosunun erməni xidmətinin bilgisinə görə, Tiran Xaçatryan 2020-ci ildə Ermənistanla Azərbaycan arasındakı 44 günlük savaş zamanı xidməti vəzifələrini yerinə yetirməyib.

İttihamlara görə, Xaçatryanın gərəkli müdafiə xətləri təşkil etməməsi Azərbaycan qoşunlarına strateji uğurlar qazandırıb.

Xaçatryan ittihamları rədd edib, onun vəkilləri isə generala qarşı ittihamları "əsassız" adlandıraraq apellyasiya məhkəməsinə üz tutacaqlarını bildiriblər. Onların iddialarına görə, keçmiş yüksəkrütbəli hərbçidən siyasi baxışlarına görə qisas almaq istəyirlər.

Rəsmi Yerevanın hərbi uğursuzluqlarından sonra hərbçi həbsləri baş nazir Nikol Paşinyanla hərbi dairələr arasında münasibətləri gərginləşdirib və Paşinyana ölkədaxili basqıları artırıb.

Xaçatryan 2020-ci ildə Azərbaycanla müharibədən sonra Ermənistanın Milli Qəhrəmanı adına layiq görülsə də, daha sonra onunla hakimiyyət arasında gərginlik yaranıb.

2021-ci ilin fevralında Paşinyan Xaçatryanı silahlı qüvvələrin baş qərargah rəisinin müavini vəzifəsindən azad edib. Bir gün sonra Xaçatryan da aralarında 40-dan çox yüksəkrütbəli hərbçi baş nazirin və onun hökumətinin istefasını tələb edib.

Bu addımı qınayan Paşinyan onu dövlət çevrilişi cəhdinin bir elementi kimi dəyərləndirib.

2024-cü ilin yanvarında restoranların birində mübahisə zamanı tüfənglə atəş açdığı üçün Xaçatryan iki ay müddətinə həbs edilib. Prokuror generalı masasının yanında duran şəxsi yaralamaqda suçlayıb, Xaçatryansa özünü qorumaq üçün havaya atəş açdığını deyib.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirləri" keçirmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı. Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

'Qızıl Qlobus'un qalibləri açıqlanıb

Demi Mur
Demi Mur

Amerikalı aktyorlar Demi Mur Edrien Broudi "Qızıl Qlobus" mükafatına layiq görülüblər. 82-ci mükafatlandırma mərasimi yanvarın 6-na keçən gecə Los-Ancelesdə keçirilib. Mur "Substansiya" filminə görə "komediya və ya müzikldə ən yaxşı aktrisa" mükafatını alıb.

Broudi "Brutalist" filmindəki roluna görə "ən yaxşı dram aktyoru" seçilib. Bu film həm də "ən yaxşı film - dram" nominasiyasında "Qızıl Qlobus" qazanıb. "Brutalist"in rejissoru Bredi Korbet "ən yaxşı rejissor" kimi heykəlciklə təltif olunub.

"Ən yaxşı film - komediya və ya müzikl" nominasiyasında mükafatı "Emiliya Peres" əsəri alıb. O, həmçinin "ingilis dilində olmayan ən yaxşı filmi" kimi "Qızıl Qlobus" qazanıb. Bu filmdə rol alan aktrisa Zoi Saldana "ən yaxşı köməkçi aktrisa" mükafatına layiq görülüb.

Fernanda Torres "Mən hələ buradayam" filmindəki roluna görə "ən yaxşı dram aktrisası", Sebastian Sten isə "Başqa adam"dakı işinə görə "komediya və ya musiqili filmdə ən yaxşı aktyor" nominasiyasında qalib olub. "Ən yaxşı köməkçi aktyor" mükafatını "Gerçək ağrı" filminə görə Kiran Kalkin alıb.

Yunanıstan polisi narkotikə görə Azərbaycan prezidentinin əmisi qızını saxlayıb

 "DJ Mikaela Jav" adı ilə tanınan İzzət Cavadova
"DJ Mikaela Jav" adı ilə tanınan İzzət Cavadova

Azərbaycan prezidenti İlham Əliyevin əmisi qızı Yunanıstanın paytaxtı Afina yaxınlığında, narkotiklə mübarizə üçün polisin keçirdiyi reyddə həbs edilib. AFR-in bilgisinə görə, yanvarın 30-da Kaliviya şəhərində, dəbdəbəli villaların birində keçirilən qonaqlıqda 13 nəfər saxlanıb.

Adları açıqlanmasa da, yerli medianın bilgisinə görə, saxlanılanlar arasında Böyük Britaniya və Azərbaycan vətəndaşlığı olan və "DJ Mikaela Jav" adı ilə tanınan İzzət Cavadova da var. O, Azərbaycan prezidentinin mərhum əmisi Cəlal Əliyevin qızıdır. Cavadovanın qonaqlığın təşkilatçısı olduğu bildirilir.

Yunanıstandakı Böyük Britaniya və Azərbaycan səfirlikləri məsələylə bağlı sorğuya cavab verməyiblər.

Polisin bilgisinə görə, Cavadova 45 paket kokain, ekstazi və metanfetamin və 43 min avro ilə yataq otağında "aşkarlanıb".

Yanvarın 3-də Cavadovaya və daha doqquz nəfərə qarşı narkotik vasitələrin qanunsuz alqı-satqı və istifadəsinə dair ittihamlar irəli sürüləcək.

Qonaqlıq zamanı güvənliyi təmin edən üç polis əməkdaşı istintaq sürdüyündən hələ suçlanmayıb.

Azərbaycandan olan milyonçu "DJ" və əri milyonlarla funt sterlinqi ("Azərbaycan pulyuyan maşını" vasitəsilə) qanunsuz Britaniyaya gətirdiklərini boynuna alandan sonra Britaniya Milli Cinayət Agentliyi (NCA) onların hesabındakı 4 milyon funt sterlinqi müsadirə edib.

Davamı

XS
SM
MD
LG